Logo

TALIS tədqiqatının 2023 sınaq mərhəsinə başlanılıb - FOTO

08.02.2023 14:52 600 baxış
IMG

Azərbaycan TALIS (Teaching and Learning International Survey) beynəlxalq araşdırma tədqiqatının 2024-cü ildə keçirilməsi nəzərdə tutulan əsas mərhələsində iştirak edəcəkdir.

Tehsil.biz xəbər verir ki, bununla bağlı 2023-cü il sınaq mərhələsinə hazırlıq prosesləri başlanılıb. 

Hazırlıq mərhələsi Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf mərkəzi tərəfindən həyata keçirilir.
Tədqiqatın pilot mərhələsi 2022-ci ildə baş tutmuşdur. 2023-cü il fevral-mart ayları ərzində Öyrətmə və öyrənmə üzrə beynəlxalq sorğunun –TALIS 2024 – sınaq mərhələsi keçiriləcəkdir.

Bununla əlaqədar tədqiqatla bağlı maarifləndirici, təlimat xarakterli seminarların keçirilməsinə start verilmişdir. Bu məqsədlə ilk görüş paytaxt və regionlardan tədqiqatda iştirak edəcək ümumi təhsil müəssisələrinin direktorları ilə onlayn şəkildə təşkil edilmişdir.

Seminarda təqdimat edən ADPU-nun Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatı (İƏİT) tərəfindən 2008-ci ildən etibarən hər beş ildən bir həyata keçirilən TALIS tədqiqatında ölkəmizin ilk dəfə iştirak etdiyini diqqətə çatdırmışdır. 

Tədqiqat müəllimlərin və məktəb direktorlarının məktəblərdəki iş şəraitinə və öyrənmə mühitinə istiqamətlənən ilk beynəlxalq sorğudur. Bu məqsədlə müəllim və direktor sorğusu olaraq iki növ sorğudan istifadə olunduğunu, bu sorğularda həm müəllimlərin, həm də direktorların hansı mövzular və prioritetlər ətrafında suallara cavab verəcəkləri müzakirə edilmişdir. 

K.Pirverdiyeva təqdimatda digər  iştirakçı ölkələrin müxtəlif illər üzrə TALIS hesabatlarında qeyd olunan vacib çağırışları diqqətə çatdırmışdır. Seminar iştirakçıların sual-cavab sessiyası ilə davam etmişdir. 

Qeyd edək ki, ADPU Strateji inkişaf mərkəzi tərəfindən təşkil olunan və 1500 nəfərə yaxın müəllimin iştirak edəcəyi TALIS seminarları fevral ayının 14-nə kimi davam edəcək.

Xəbər lenti